İsrail ABŞ-nin ardınca BMT-nin İnsan Hüquqları Şurasında iştirakını dayandırmaq niyyətini bəyan edib.
“Eqazet.online”reporta istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bəyanatla çıxış edib.
“Trampın BMT-nin İnsan Hüquqları Şurasında iştirak etməmək qərarını alqışlayırıq. İsrail ABŞ-yə qoşulur və Şurada iştirakını dayandırır”, – Saar bildirib.
Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurası demokratik dövlətə (İsrailə – red.) hücumlar və antisemitizmin yayılması üzərində cəmləşib.
“İnsan Hüquqları Şurasında İsrailə qarşı 100-dən çox qətnamə qəbul edilib, Bu, Şuranın qəbul etdiyi bütün qətnamələrin 20 %-dən çoxunu təşkil edir və İran, Kuba, Şimali Koreya və Venesuelaya qarşı qəbul edilən qətnamələrdən sayca çoxdur”, – nazir vurğulayıb.
Saar həmçinin əlavə edib ki, İsrail artıq bu ayrı-seçkiliyə dözməyəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxarılması və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırması barədə sərəncam imzalayıb.