Azərbaycan Respublikasının dövlətçilik tarixində mühüm yer tutan 15 İyun – Qurtuluş Günü ölkəmizdə hər il rəsmi olaraq qeyd olunur. Bu əlamətdar gün müasir Azərbaycanın siyasi sabitliyinin, milli həmrəyliyinin və davamlı inkişafının əsasını qoymuş tarixi hadisə ilə bağlıdır.
1993-cü ilin iyun ayında ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət dövlətçiliyin ciddi təhlükə ilə üz-üzə qalmasına səbəb olmuşdu. Belə bir çətin şəraitdə xalqın iradəsi və tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdaraq, ölkədə sabitliyin və idarəetmənin bərpasını təmin etmişdir. Onun rəhbərliyi ilə hüquqi dövlət quruculuğu, demokratik islahatlar və iqtisadi inkişaf istiqamətində mühüm addımlar atılmış, beynəlxalq əlaqələr genişləndirilmiş və müstəqil dövlətçiliyin təməli möhkəmləndirilmişdir.
15 İyun – Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və dövlətçiliyin qorunması baxımından əhəmiyyətli mərhələ hesab olunur. Bu gün respublikamızın əldə etdiyi nailiyyətlər, iqtisadi tərəqqi, siyasi sabitlik və beynəlxalq nüfuz məhz həmin dövrdə əsası qoyulmuş siyasətin nəticəsidir.
Azərbaycan xalqı bu gün də Qurtuluş Gününü böyük qürur və ehtiramla qeyd edir, ölkənin davamlı inkişafı, ərazi bütövlüyünün bərpası və müasir dövlət quruculuğu istiqamətində əldə olunan uğurları yüksək dəyərləndirir.