Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, Polşanın baş naziri Donald Tusk açıqlama verərək, onun partiyasının seçkilər ərəfəsində kiberhücumların hədəfi olduğunu bildirib. O, bu hücumların məqsədinin seçki prosesinə müdaxilə etmək və ictimai rəyə təsir göstərmək olduğunu vurğulayıb.
Tuskun sözlərinə görə, hücumların mənbəyi hələ dəqiq müəyyən edilməsə də, araşdırmalar davam edir. “Biz demokratik proseslərə yönəlmiş bu cür təhdidlərə göz yummayacağıq. Hökumətimiz kiber təhlükəsizlik tədbirlərini gücləndirəcək,” – deyə baş nazir əlavə edib.
Polşa təhlükəsizlik xidməti hücumların xarici qüvvələr tərəfindən təşkil edildiyini istisna etmir. Ekspertlər, son illərdə Qərb ölkələrində kiberhücumların artdığını və bunun siyasi motivli ola biləcəyini bildirirlər.
Polşada keçiriləcək növbəti seçkilər ölkənin siyasi gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Hökumət rəsmiləri seçki təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər gördüklərini bildiriblər.