- Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında (U-23) bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
Eqazet.online xəbər verir ki, Elmir Əliyev (55 kq) moldovalı Maksim Sarmanovu (9:1) və albaniyalı Andi Mukanı (11:2) vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı Alibek Amirovla gərgin mübarizə şəraitində keçən görüşün sonlarında təşəbbüsü əldən verən Elmir sonuncu xal prinsipinə əsasən (2:2) məğlubiyyətlə barışıb. Əliyev sabah bürünc medal uğrunda Filip Bartoşik (Çexiya) – Vasileios Papageorgiu (Yunanıstan) qarşılaşmasının qalibiylə güləşəcək.
Ziya Babaşov (63 kq) startda isveçli Aleksander Vafaini mübarizədən kənarlaşdırıb – 3:1. Azərbaycan güləşçisi 1/4 finalda yunanıstanlı Marios Kapantaisə (10:2), yarımfinalda isə bolqarıstanlı Miroslav Emilova (8:0) tam üstünlüklə qalib gələrək adını finala yazdırıb. Ziya həlledici görüşdə moldovalı Vitali Yeriomenkoyla qarşılaşacaq.
Xasay Həsənli (77 kq) yunanıstanlı Andreas Vasilakopula tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda almaniyalı Aaron Bellşeidtə 3:7 hesabıyla məğub olub. Rəqib finala yüksəldiyi üçün Xasay sabah təsəlliverici görüşdə bolqarıstanlı Albert Doyevlə güləşəcək.
Cocu Səmədov (87 kq) təsnifat mərhələsində ermənistanlı Vigen Nazaryana (0:7), Ayxan Mərdanov (130 kq) isə eyni mərhələdə çexiyalı Artur Sarkisyana (0:2) uduzub.