“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə “Milli Proqram”a start verilib.

Bu barədə “Eqazet.online”a İqtisadiyyat Nazirliyinə istinadən bildirilib ki, SOCAR, “PASHA Holding”, bp və JOCAP şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən ödənişsiz faydalanması nəzərdə tutulub.

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://4sim.gov.az saytında qeydiyyatdan keçərək bu imkandan yararlana biləcəklər.

Qeydiyyatdan keçənlər “Coursera” onlayn platformasından istifadə etmək üçün 6 həftəlik lisenziya əldə edəcəklər. İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, Oracle, Gitlab, Intel, SAP, Salesforce kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin kurs və təlimlərindən yararlanacaqlar.

Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 8000-ə qədər sahəvi kurs və proqramlar “Milli Proqram” istifadəçiləri üçün əlçatan olacaq. Kursları uğurla bitirənlər “Coursera” platforması tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikatlarla təltif olunurlar.

“Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunacaq. Bundan əlavə, daha çox tələbatın olduğu 10 kurs isə süni intellektin “deep-fake” texnologiyası ilə Azərbaycan dilində səsləndiriləcək.

Bununla yanaşı, platformada “Hiring Solutions” (İşəgötürmə həlləri) aləti Azərbaycandakı işəgötürənlər üçün əlçatan olacaq. Müəssisələr bu alət vasitəsilə istədikləri bilik və bacarıqlara uyğun kursları bitirmiş şəxslər haqqında məlumat alacaqlar və onları işə dəvət edə biləcəklər. İstifadəçilər həmçinin, süni intellekt əsaslı “Coursera coach” bələdçi funksiyasından faydalanaraq təhsil və karyera hədəflərinə uyğun dərsləri seçə biləcəklər.

Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın ilkin mərhələsində 10000 nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında ödənişsiz kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

Seçmə xəbərlər

İŞİD terror təşkilatının Suriya və İraq üzrə rəhbəri öldürülüb

Azərbaycan Prezidenti: Biz Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məxvi Məlumatlar

Kəşfiyyatın məxfi sənədi üzə çıxdı: Sibirdə yadplanetlilər əsgərləri daşa döndərib – FOTO

Sibirdə naməlum uçan obyekt (UNO) 23 əsgəri daşa çevirib. Eqazet.online “Daily Mail”ə istinadla xəbər verir ki, bu barədə məlumatlar Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) məxfiliyi ləğv edilən 250 səhifəlik fayllarında yer alıb. MKİ sənədində yazılır ki, UNO Sovetlər üzərində alçaqdan və səssizcə...